Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan səhiyyəsindəki ən mühüm nailiyyətlərdən biri ürək transplantasiyasıdır və bu prosesin uğuru üçün tibbi, mənəvi, hüquqi və psixo-emosional aspektlərin nəzərə alınması vacibdir.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxışı zamanı bildirib ki, ürək transplantasiyası illər ərzində görülmüş sistemli və ardıcıl işlərin məntiqi nəticəsidir.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxış edərək bildirib ki, orqan donorluğu sisteminin qurulması üçün ilk növbədə möhkəm hüquqi baza yaradılıb. Bu prosesdə Milli Məclisin Səhiyyə komitəsi və Səhiyyə Nazirliyinin rolunu vurğulayan mərkəz sədri qeyd edib ki, 2022-ci ildə vahid informasiya bazasının əsasnaməsi təsdiq edildikdən sonra orqan donorluğu və transplantasiya proseslərini əhatə edən rəqəmsal sistem qurulmağa başlanıb.
Yeganə Abbasova diqqətə çatdırıb ki, beyin ölümü diaqnozunun qoyulması ilə bağlı xüsusi protokol hazırlanıb. Mərkəz sədrinin sözlərinə görə, 2023-cü ildən etibarən bu protokol anesteziologiya və reanimatologiya ixtisasları üzrə dərs proqramına daxil edilib, bu il nevrologiya kafedrasının dərs cədvəlinə salınması nəzərdə tutulur.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədr müavini Günay Abbasova “Donor ol – həyat bəxş et” mövzusunda məruzəsində orqan donorluğunun cəmiyyət üçün həyati əhəmiyyətindən geniş bəhs edib.
Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev beyin ölümü protokolunu ətraflı izah edib, onun tibb tarixindəki əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, belə sənədlər yalnız prosedurların düzgün aparılmasına xidmət etmir, həm də ölkədə transplantasiya və kritik tibbi qərarların elmi əsaslarla həyata keçirilməsinə töhfə verir. Bəxtiyar Musayev bu hadisənin tibb tarixində layiqli yer tutmasını təklif edib.